Azərbaycan Türkiyə iqtisadiyyatına sərmayələrin həcmini $20 mlrd.-a qədər artırmaq niyyətindədir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulub. Bu sərmayələrin həcmi artacaq və Azərbaycandan Türkiyəyə yatırılacaq sərmayə 20 milyard dollara çatmalıdır”, - İ.Əliyev çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatlarla çıxışında bildirib.
Onun sözlərinə görə, çərşənbə axşamı Azərbaycanla Türkiyə arasında preferensial ticarət sazişi imzalandı. “Bu gün iqtisadi sahədə imzalanmış sənəd böyük əhəmiyyət kəsb edir. Əminəm ki, bu sazişin qüvvəyə minməsi nəticəsində aramızda olan ticarət dövriyyəsi də böyük dərəcədə artacaq”, - prezident qeyd edib.
İ.Əliyev əlavə edib ki, türk şirkətləri Azərbaycanda uzun müddətdir ki, uğurla fəaliyyət göstərirlər. “Türk firmaları bu günə qədər dövlət xətti ilə, Azərbaycanın dövlət büdcəsi hesabına 11 milyard dollar dəyərində müxtəlif işlər görmüşlər. Onların gördükləri işlər çox keyfiyyətlidir”, - prezident vurğulayıb.
Dövlət başçısı Azərbaycanla Türkiyə arasında siyasi münasibətlərin yüksək səviyyəsini qeyd edərək rəsmi Bakının gələcəkdə bu əlaqələrin inkişafında maraqlı olduğunu deyib. **
A.Əzizov