Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ilin yanvar-sentyabr aylarında kredit təşkilatları vasitəsilə sahibkarlara 96 mln. 496,4 min manat güzəştli kredit verib. Bu barədə fondun kreditləşdirmə sahəsində fəaliyyətinə dair hesabatda deyilir.
Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında fondun vəsaitlərindən sahibkarlara 120 mln. 585,1 min manat kredit verilib. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında SKMF-in xətti ilə kreditləşdirmənin həcmi 20% azalıb.
9 ay ərzində fondun vəsaitləri hesabına 1,27 min layihə (azalma 30% - İF-Az) maliyyələşdirilib.
Bu layihələrin maliyyələşdirilməsi nəticəsində 3,881 min yeni iş yeri yaradılacaq (azalma 31,8% - İF-Az).
Hesabat dövründə sənaye məhsullarının istehsalı və emalı sahəsində 30 mln. 846,5 min manat dəyərində 36 layihə, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 58 mln. 640,4 min manat dəyərində 1,221 min layihə, kənd təsərrüfatı məhsullarının emalı sahəsində 2 mln. 519,5 min manat dəyərində 5 layihə, turizmin inkişafı sahəsində 3 mln. 345 min manat dəyərində 5 layihə, xidmət sahəsinin inkişafı üzrə 1 mln. 145 min manat dəyərində 3 layihə maliyyələşdirilib.
Fondun məlumatına görə, yanvar-sentyabr aylarında 78 mln. 507,5 min manat məbləğində 25 xüsusi iri həcmli kredit, 13 mln. 394,9 min manat məbləğində 1,228 min kiçik həcmli kredit və 4 mln. 594 min manat məbləğində 17 orta həcmli kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2017-ci ildə fond sahibkarlara 150 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.*
A.Əzizov