2006-2017-ci illərdə “Şahdəniz” yatağından ümumilikdə 86 mlrd. kubmetr qaz hasil olunub. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidentinin müşaviri Ələkbər Abbasov deyib.
"Bu günədək (1 oktyabr 2017-ci il tarixinə olan vəziyyətə görə - İF) “Şahdəniz” yatağından 86 mlrd. kubmetr qaz və 21,5 mln. ton kondensat hasil olunub", - deyə o, bu gün Bakıda keçirilən Xəzər Texniki Konfrans və Sərgisində bildirib.
Müşavirin sözlərinə görə, "Şahdəniz" yatağından hasil olunan qazın ixracına başlanıldığı 2007-ci ildən indiyədək Gürcüstana 6,5 mlrd. kubmetr, Türkiyəyə isə 48,5 mlrd. kubmetr qaz nəql olunub.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. Yataqdan qaz hasilatına 2006-cı ilin dekabr ayından başlanılıb.*
N.Abbasova