Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Mərkəzi Bank tərəfindən hazırlanan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin ictimai müzakirəsi təşkil edilib.
İİTKM icraçı direktoru Vüsal Qasımlı bildirib ki, nağdsız ödənişlər e-hökümət, e-ticarət və e-bankçılığın inkişafı yolu biznes mühitinin yaxşılaşması və iqtisadiyyatın əsas hədəfi olan səmərəliliyin artmasına imkan yaradır.
Onun rəyinə görə, nağdsız hesabalmalar həmçinin maliyyə inklüzivliyinin artırılmasına xidmət edir.
V.Qasımlı əlavə edib ki, beynəlxalq ekspertlərin hesabatlarına görə, Bakıda nağdsız hesablaşmanın tətbiqi gəlirlərin 1,9 milyard dollar, o cümlədən, biznesin gəlirinin 0,1 milyard dollar, biznes gəlirlərinin 1,4 milyard dollar, hökumətin gəlirlərinin 0,4 milyard dollar artmasına gətirəcək.
“Bu proses nəticəsində 15 il ərzində məşğulluğun3,5% artımına imkan yaradacaq”, - o qeyd edib.
Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev öz növbəsində bildirib ki, “MasterCard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində ölkədə rəqəmsal ödənişlərin inkişafına mane olan amillərin müəyyən edilməsi üzrə geniş analitik təhlil və diaqnostika işləri aparılıb.
Hazırlanan təkliflər işçi qrupuna daxil olan aidiyyatı hökumət qurumları ilə, o cümlədən, xidmət provayderləri, banklarla, dövlət qurumları ilə müzakirə edilib.
Xüsusilə, proqram layihəsində nağdsız əməliyyatların sayının kifayət dərəcədə artmasına imkan verən tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bütövlükdə, Proqramda dörd istiqamət üzrə 18 prioritet və bütövlükdə 60-dan çox tədbir müəyyən edilib.
Müzakirələrin yekununda təqdim edilən dövlət proqramının layihəsinin verilən təkliflər və tövsiyələr nəzərə alınmaqla bir daha yenidən işlənilməsi qərara alınıb. **
A.Əzizov