Çərşənbə günü Finlandiyanın “Wartsila” şirkəti maye qazın nəqli üçün infrastrukturun yaradılması sahəsində Azərbaycanla əməkdaşlığa dair imkanlarının təqdimatını keçirib.
“Şirkətimiz maye qazın durulaşdırlılması, nəqli və təkrar qaza çevrilməsi üzrə tam silsilənin yaradılması imkanına malikdir. Bundan əlavə, biz maye qazın nəqli məqsədilə gəmiləri zəruri avadanlıqla təmin edə və ya xüsusi tankerlər inşa edə bilərik”, - “Wartsila” şirkətinin vitse-prezidenti Kristof Vitzsum təqdimatda bildirib.
O cümlədən, şirkət Xəzərin əks sahillərində maye qaz terminallarının yaradılması üzrə ilkin planı təqdim edib. Planda maye qaz terminallarının tikintisi, tankerlərlə qazın nəqli, maye qazın təkrar qaza çevrilməsi və gələcəkdə qaz sisteminə nəqli nəzərdə tutulur.
Bu nəql üsulunun boru kəməri ilə nəqldən fərqli olaraq nə dərəcədə səmərəli olmasına dair sula cavabında şirkətin nümayəndəsi qeyd edib ki, hələlik bu istiqamətdə araşdırmalar aparılmayıb, buna görə həmin üsulun üstünlükləri barədə danışmaq hələ tezdir.
Həmçinin, K.Vitzsum məlumat verib ki, “Wartsila” gəmilərin qaz mühərriki ilə təchizatı ilə məşğul olur. “İran və Qazaxıstan artıq həmin mühərriklərin quraşdırılması məqsədilə bizə müraciət edib. Xəzər dənizi şəraitində gəmilərdə qaz mühərrikinin quraşdırılması gəminin 21 günə qədər avtonom rejimində qalmağa imkan verir”, - şirkətin vitse-prezidenti vurğulayıb. **
B.Rüstəmbəyov