Çərşənbə günü Ədliyyə Nazirliyinin kollegiya iclasında müşayiət zamanı vaqondan iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məlumat dinlənilib, baş vermiş fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib. Bu barədə nazirlikdən məlumat verilib.
İnsidentlə bağlı Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib.
“O cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib, 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş Bəhruz Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub”, - məlumatda deyilir.
İclasda qeyd olunub ki, görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həbsdən qaçmış şəxslərdən biri tutularaq istintaq təcridxanasına qaytarılıb, digərinin axtarışı üzrə zəruri tədbirlər davam etdirilir. **
R.Babayev