Azərbaycan Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində Rusiya və İran ilə əməkdaşlığa böyük önəm verir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bizi birləşdirən Xəzər dənizi ümumi sərvətimizdir. Xəzər sülh, dostluq və əməkdaşlıq dənizidir. Xəzər dənizində sərhəd mühafizəsi işində etibarlı əməkdaşlıq mövcuddur”, - İ.Əliyev Tehranda Rusiya və İran prezidentləri ilə üçtərəfli Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində bu yaxınlarda Bakıda “Dəniz Kuboku - 2017” beynəlxalq yarışları təşkil olundu.
“Bundan əlavə, hərbi dəniz qüvvələrimizin gəmiləri qarşılıqlı olaraq dostluq səfərləri həyata keçirirlər. Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, narkotrafik, qaçaqmalçılığa qarşı birgə mübarizə yaxşı nəticələrə gətirib çıxarıb. Bu sahələrdə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”, - İ.Əliyev əlavə edib. **
A.Əzizov