Bakı, Moskva və Tehran dünya bazarlarında neftin qiymətinin sabitləşməsində böyük rol oynayıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Neft-qaz sahəsində əməkdaşlığımızın tarixi var. Bu əməkdaşlıq da təbiidir. Çünki üç ölkə dünya enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verir. Eyni zamanda, neftin qiymətinin sabitləşməsində ölkələrimizin çox böyük rolu olub. Bu gün biz görürük ki, OPEK və qeyri-OPEK ölkələri bir-biri ilə səmimi əməkdaşlıq edirlər və bu əməkdaşlıq nəticəsində hazırda neftin qiyməti məqbul səviyyəyə qalxıb”, - İ.Əliyev
Tehranda üçtərəfli Zirvə görüşü başa çatdıqdan mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var.“Hesab edirəm ki, bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır. Əlbəttə, bizi birləşdirən bir çox iqtisadi infrastruktur layihələridir”, - o qeyd edib.
Prezident əlavə edib ki, “bugünkü Zirvə görüşü isə onu göstərir ki, bu formatın çox böyük əhəmiyyəti və gözəl gələcəyi var”.
İ.Əliyev bildirb ki, Azərbaycanın İran (yanvar-sentyabr aylarında artım 30%) və Rusiya (yanvar-sentyabr aylarlnda artım 60%) artan ticarət dövriyyəsi göstərir ki, “bizim iqtisadiyyatımız uğurla inkişaf edir və dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim iqtisadiyyatımıza ciddi təsir göstərməyib”. **
A.Əzizov