Azərbaycanın hüquq-mühafizə orqanları oktyabrın 23-də xüsusi qatarla Bakıya gətirilən zaman qaçan məhkum Etibar Məmmədov zərərsizləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyat zamanı qaçan məhbus E.Məmmədovu zərərsizləşdiriblər”, - o bildirib.
Keçirilən əməliyyat zamanı “Qoca” ləqəbli E.Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstəriblər.
Atışma nəticədə E.Məmmədov öldürülüb, ona qaçmaqda yardım edən Anar Əsgərov və Şahmar Bəyəlizadəyaralanıblar.
Xəbər verildiyi kimi, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan Etibar Məmmədov və Əli Ağami müşayiət altından qaçıblar.
E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Faktla əlaqədar Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanovhəbs olunublar.
Oktyabrın 26-da Ə.Ağami hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. **
R.Babayev