"Turan" İnformasiya Agentliyinə və agentliyin direktoru Mehman Əliyevə qarşı cinayət işinə xitam verilib.
“Bu barədə M.Əliyevə Baş Prokurorluqda məlumat verilib”, - deyə "Turan" agentliyinin məlumatında bildirilir.
Qeyd edək ki, Vergilər Nazirliyi M.Əliyevi 60,080 min manat ($35 min) məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda ittiham edirdi.
M.Əliyev avqustun 24-də saxlanılmış və onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanmışdı. O, bu ittihamları əsassız hesab edib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev avqustun 25-də 3 ay müddətinə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin müdaxiləsindən sonra agentliyin direktoru barəsində həbs qəti imkan tədbiri ləğv edilib və o, sentyabrın 11-də polis nəzarətinə verilib.
“Turan” İnformasiya Agentliyi 1990-cı ilin may ayında təsis edilib.*