Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehran görüşü inkişaf istiqamətlərini müəyyən edən, regionda sülh və sabitliyi təmin edən platformadır. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovbelə hesab edir.
“Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü (noyabrın 1-də Tehranda - İF), ilk növbədə, regionda sabitliyin, təhlükəsizliyin təmin olunması, əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında ticari-iqtisadi əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır”, - Ə.Həsənov yerli mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, üç ölkə liderlərinin müxtəlif sahələr üzrə mövcud vəziyyət və qarşıda duran vəzifələr, tərəfdaşlıq kursunun bütün konturları müzakirə edildi.
“Düşünürəm ki, keçirilmiş görüşlərin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək. Bu görüş onu göstərdi ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri mövcuddur. Üç ölkə arasında qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq, ümumilikdə, regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır və bütün iştirakçılar səmərəli əməkdaşlıq kursunu davam etdirmək əzmindədirlər”, - o vuğrğulayıb.
Ə.Həsənovun sözlərinə görə, son bir həftədə Azərbaycan prezidenti İlham Əliyev regionun demək olar ki, bütün ölkə və hökumət başçıları ilə görüşlər keçirib. “Bu görüşlərdə regionun siyasi-iqtisadi həyatının bütün aktual məsələləri, habelə Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin ən mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivi müzakirə olunub”, - Ə.Həsənov bildirib.
O qeyd edib ki, son dövrlərdə regionda reallaşdırılan həm ikitərəfli, həm də çoxtərəfli görüşlərin bir çoxunun təşəbbüskarlığı Azərbaycana məxsusdur. “Azərbaycan, İran və Rusiya üçtərəfli görüşünün, onların arasında formalaşmış tərəfdaşlıq kursunun, həyata keçirilən və nəzərdə tutulan birgə layihələrin təşəbbüsü də Bakıdan gəlib və artıq öz pozitiv nəticələrini göstərməkdədi”, - Ə.Həsənov bəyan edib.
Onun sözlərinə görə, bu tipli yeni əməkdaşlıq formatlarının yaradılması aktualdır.
“Azərbaycan-İran-Rusiya əməkdaşlığı kimi, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə platformaları da artıq formalaşıb və fəaliyyət göstərir. Gələcəkdə yəqin ki, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-İran-Türkmənistan və digər formatlarda əməkdaşlıq davam etdiriləcək. Bu formatlar regionda sülh, əmin-amanlıq, firavanlıq və ticari-iqtisadi əlaqələrin güclənməsinə öz müsbət təsirini göstərəcək”, - Ə.Həsənov vurğulayıb. **
R.Babayev