Paris gələcəkdə Bakı ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Dövlət başçısının saytındakı məlumatına görə, bunu Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan deyib.
“Bizim hamımızın, o cümlədən Fransa prezidenti Emmanuel Makronun arzusu budur ki, Fransa-Azərbaycan münasibətləri bundan sonra daha da yüksək səviyyəyə qalxsın”, - P.A.Rafan Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.
O, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində gələcəkdə də çalışmağın zəruriliyini qeyd etdi.
İ.Əliyev öz növbəsində bildirib ki, Azərbaycan və Fransa siyasi, iqtisadi, energetika, infrastruktur sahələrində uğurla əməkdaşlıq edir. Onun sözlərinə görə, bir çox fransız şirkətləri uzun illər Azərbaycanda fəaliyyət göstərir.
“Görüşdə ölkələr arasında kosmik sənaye, inşaat, nəqliyyat, su təsərrüfatı, metro, dəmir yolu, hərbi-texniki və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı”, - məlumatda qeyd olunur. **
R.Babayev