Xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün Minsk Qrupu üzvlərinin töhfəsi vacibdir.
E.Məmmədyarov bazar ertəsi İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşüb.
“İsveçin də ATƏT-in Minsk Qrupunun üzvlərindən biri olduğunu deyən E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həllivə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün bütün Minsk Qrupu üzvlərinin töhfəsinin vacib olduğunu vurğuladı”, - XİN-in məlumatında deyilir.
Nazir Avropa İttifaqının Qlobal təhlükəsizlik Strategiyasında təsbit olunduğu kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi təməl prinsiplərə sadiqliyin bütün münaqişələrə münasibətdə qeyri-seçimli əsasda, vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan son danışıqlar prosesinə toxunan E.Məmmədyarov “güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinin qəbuledilməz olduğunu” dedi. **
F.İsazadə