Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkiyədə iki ölkə arasında elektrik enerjisi sahəsində əməkdaşlığın geişlənməsi imkanlarını müzakirə edib. Bu barədə nazirliyin məlumatında qeyd olunur.
“P.Şahbazov energetika naziri olaraq ilk rəsmi səfərini Türkiyəyə edib. Bu ölkənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşdə o, iki ölkə arasında elektrik enerjisi sahəsində əməkdaşlığın geişlənməsi məsələləri, həmçinin “Cənub Qaz Dəhlizi”nin genişləndirmə perspektivlərini müzakirə edib”, - məlumatda vurğulanır.
O cümlədən, iki ölkə arasında elektrik enerjisi sahəsində əməkdaşlığı, eləcə də “Petkim”, “Star” neft-kimya layihələri və TANAP layihəsinin icrası məsələləri müzakirə edilib.
Nazirlər qeyd ediblər ki, TANAP üzrə işlərin icra vəziyyəti yüksək səviyyədədir və bu da Azərbaycan qazının nəzərdə tutulduğu vaxtda Türkiyəyə çatdırılması üçün mühüm əhəmiyyət daşıyır.
P.Şahbazov və B.Albayrak dünya enerji bazarında son vəziyyət ətrafında da geniş fikir mübadiləsi aparıblar. **
N.Abbasova