2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta illik baza inflyasiya ötən ilin analoji dövrünün göstəricisi 12,5%-ə qarşı 13,1% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“Qiymətləri dövlət tərəfindən tənzimlənən mallar, o cümlədən mövsümi xarakter daşıyan ASK məhsulları nəzərə alınmadan, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta illik baza inflyasiya ötən ilin yanvar-sentyabr aylarında 12,5%-ə və 2016-cı il ərzində 13,3%-ə qarşı 13,1% təşkil edib”, - məlumatda deyilir.
Cari ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 13,9%, həmçinin ərzaq məhsulları üzrə - 17,9%, qeyri-ərzaq məhsulları üzrə 12,5%, xidmətlər üzrə - 9,6% təşkil edib.
“Yanvar-sentyabr ayları ərzində inflyasiyanın hesablanması üşün istifadə olunan 521 adda mallar və xidmətlərdən 93-ü üzrə qiymətlər ucuzlaşıb, 94-ü üzrə qiymətlər dəyişməyib. Beləliklə, xidmət və malların 334 növü üzrə qiymətlərin artımı müşahidə olunub”, - bankda vurğulayıblar. **
N.Abbasova