Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov əhalinin kriminal xəbərlərə marağının artmasından gileylənir.
“Azərbaycan mətbuatının təhlilini apardıq və belə qənaətə gəldik ki, reytinqin ilk pilləsində müğənni Fədayə Laçın, dördüncü pillədə - Bakı-Tbilisi-Qars dəmir yolunun istifadə verilməsinə dair məlumatlar yer alır”, - Ə.Amaşov çərşənbə günü “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, qeyd edilən reytinqin ikinci pilləsini Dağlıq Qarabağ, üçüncü pilləsini isə “Qoca” ləqəbli kriminal avtoritet barədə məlumatlar tutur.
“Azərbaycanda kriminal xəbərlərə marağın artması müşahidə olunur, bu da ölkə ictimaiyyətinə təsir edir. Kriminal xarakterli məlumatlar KİV vasitəsilə ictimaiyyətə təsir göstərir. Mətbuatda kriminal xəbərlərin sistematik şəkildə işıqlandırılması cinayətkarlığın, sosial gərginliyin artması, tolerantlıq səviyyəsinin azalmasına şərait yaradır”, - Ə.Amaşov qeyd edib.
Onun rəyinə görə, kriminal xəbərlərin işıqlandırılması zamanı bəzi hallarda qanun keşikçilərini düşmən qismində təqdim edirlər.
“Bununla yanaşı, bəzən məlumatlar şişirdilir, bu da nəticədə cəmiyyətdə qorxu hissi yaradır”, - Ə.Amaşov vurğulayıb. **
F.İsazadə