Azərbaycan 2017-ci ildən sonra da Əfqanıstanın müdafiə və təhlükəsizliyinə yardım edəcək. Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
“Noyabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilən görüşündə iştirak edib. Toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, Əfqan Müdafiə və Təhlükəsizlik qüvvələrinin inkişafı barədə müzakirələr aparılıb”, - nazirliyin məlumatında deyilir.
İclasda çıxış edən Z.Həsənov Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfəni qeyd edərək Əfqanıstana yardım məqsədilə təlim, təhsil, infrastruktur, nəqliyyat, investisiya və digər sahələrdə müxtəlif proqramların həyata keçirildiyini xüsusi vurğulayıb.
“Müdafiə naziri çıxışında Alyansın etibarlı tərəfdaşı kimi, Azərbaycanın 2017-ci ildən sonra da Əfqanıstanın müdafiə və təhlükəsizliyinə yardım edəcəyini görüş iştirakçılarının nəzərinə çatdırıb”, - məlumatda qeyd edilir.
Z.Həsənov vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi “Qətiyyətli Dəstək Missiyasının ehtiyaclarının yerinə yetirilməsi üçün böyük imkanlar yaradır”.
A.Əzizov