Azərbaycan Afrika İttifaqı ölkələrinə iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığı inkişaf etirməyi təklif edir. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilir.
“Nazir Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat ilə görüşüb. Görüş zamanı nazir Azərbaycan və Afrika İttifaqı ölkələri arasında iqtisadi, təhsil, səhiyyə, informasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırdı”, - məlumatda deyilir.
“ASAN xidmət” konsepsiyası haqqında danışan E.Məmmədyarov Azərbaycanın bu uğurlu təcrübəni Afrika qitəsi ölkələri ilə bölüşməyə hazır olduğunu vurğulayıb.
Bundan əlavə, onun sözlərinə görə, Afrika İttifaqı ölkələri Azərbaycanın süni peyklərinin imkanlarından yararlana bilərlər.
Nazir həmçinin, Azərbaycan ilə YUNESKO arasında fəaliyyət göstərən Etimad Fondu vasitəsilə Keniya, Tanzaniya, Uqanda və Liberiyada qızların təhsili üzrə layihələrin uğurla həyata keçirildiyini qeyd edərək Afrika İttifaqı Komissiyasının sözügedən layihələrə tərəfdaş qismində cəlb edilməsinin vacibliyi bildirdi.
Musa Faki Mahamat öz növbəsində Afrika İttifaqının da Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı və bu səfərin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi. **
N.Abbasova