2017-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin “Petkim” neft-kimya holdinqinin xalis mənfəəti 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə – 1 mlrd. 27,104 mln. türk lirəsinə qədər artıb. Bu barədə holdinqin maliyyə hesabatında qeyd olunur.
“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi - İF-Az) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir (51%).
Cari ilin yanvar-sentyabr aylarında şirkətin ümumi mənfəəti 1 mlrd. 379,006 mln. türk lirəsi (artım 2,1 dəfə), əsas əməliyyat gəliri 1 mlrd. 275,954 mln. türk lirəsi (artım 2,2 dəfə), investisiya fəaliyyətindən gəlirlər 2016-cı ilin hesabat dövrü ərzində 565,634 min türk lirəsinə qarşı 37 mln. 768,958 min türk lirəsi təşkil edib.
2017-ci ilin 9 ayının yekunları üzrə “Petkim”in aktivləri 6 mlrd. 801,88 mln. türk lirəsi təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,5% çoxdur.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.**
N.Abbasova