Azərbaycanın hüquq-mühafizə orqanları noyabrın 13-də Rusiya ilə sərhəd rayonlarda irimiqyaslı “Sərhəd-sipər” əməliyyatlarına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Əməliyyatlar ölkənin şimal rayonlarında keçirilir. Əməliyyatlarda Azərbaycanın daxili işlər orqanlarının nümayəndələri ilə yanaşı, Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak edirlər”, - deyə mənbə bildirib.
Əməliyyat planına uyğun olaraq şimal rayon və şəhərlərinə girişdə polis postları qurulub. Əraziyə daxil olan nəqliyyat vasitələrinin yük yerlərinə baxış keçirilir.
Əməliyyatlar noyabr ayının 19-da başa çatacaq.
Əməliyyatlar Rusiya ilə Azərbaycan arasında qəbul olunmuş razılaşmaya əsasən aparılır. Tədbirlərin əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınmasıdır.*
F.İsazadə