"Lukoil" şirkəti Siciliyadakı Isab neft emalı zavodunun gələcək taleyi ilə bağlı müxtəlif variantları nəzərdən keçirir, lakin hələ ki, qərar qəbul edilməyib.
““Lukoil” şirkətinə çox sayda təklif daxil olub. Biz bütün variantları nəzərdən keçiririk”, - deyə şirkətin prezidenti Vaqif Ələkbərov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, zavod olduqca yaxşı vəziyyətdədir. İndiyədək şirkət bu zavoda kifayət qədər investisiya yatırıb. Bütün qurğular işlək vəziyyətdədir. Üstəlik, modernləşdirmə işlərindən sonra bir neçə yeni obyektin işə salınması da nəzərdə tutulub. Buna görə heç bir şey bizi tələsik qərar qəbul etməyə vadar etmir. Biz maraqlı tərəflərlə, xüsusilə bizə yeni layihələrə inteqrasiya etmək imkanı verən tərəflərlə danışıqları davam etdiririk”, - deyə şirkətin prezidenti qeyd edib.
“Söhbət ilk növbədə İrandan, Əlcəzairdən gedir. Məndə olan məlumata əsasən, SOCAR da zavoda maraq göstərir. Bu, hələ başlanğıc mərhələdir”, - deyə V.Ələkbərov əlavə edib.*