Prezident İlham Əliyev noyabrın 13-də Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiq edilib.
Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib.
Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək.*
A.Əzizov