Azərbaycan Braziliya ilə iqtisadi-ticarət əlaqələriningenişləndirilməsində maraqlıdır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, noyabrın 13-də Ş.Mustafayev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarla görüşüb.
"Görüşdə nazir Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Braziliya kənd təsərrüfatı, turizm, idman və s. sahələrdə fəal şəkildə əməkdaşlıq edə bilər”, - deyə məlumatda bildirilir.
Görüşdə noyabrın 15-də ölkəmizə səfəri gözlənilən Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunesin səfər zamanı Ş.Mustafayevlə Azərbaycan-Braziliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərini müzakirə etmək istəyi diqqətə çatdırılıb.*
A.Əzizov