Azərbaycan İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan iki təyyarə alacaq. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
“"Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisi çərçivəsində AZAL-ın prezidenti Cahangir Əsgərov və "Leonardo" şirkəti arasında aparılan danışıqların yekunlarına əsasən offşor əməliyyatlar üçün "AgustaWestland AW169" helikopteri, həmçinin aero, foto və video çəkilişlərin aparılması üçün "AgustaWestland AW109" helikopterinin alınması üzrə saziş imzalanıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti "Vertoletı Rossii" («Вертолеты России») Holdinqinin baş direktoru Andrey Boqinski ilə danışıqlar aparıb. Danışıqların yekunlarına əsasən Azərbaycanın "Silk Way Helicopter Services" şirkəti hərbi helikopterlər də daxil olmaqla bütün model helikopterlərin təmiri və xidməti üzrə lisenziya alıb.*
N.Abbasova