Azərbaycan "Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində Çində Şərab Evi açmağı planlaşdırır. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, hazırda Azərbaycanın növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərindədir. İxrac missiyasına şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir.
“Missiya çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzi (ITOC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, AZPROMO İTOC-dan anbar və yerli məhsullarımızın nümayiş olunması üçün müvafiq yer icarəyə götürəcək. Azərbaycan Şərab Evi adlanacaq həmin sahə və burada Azərbaycan iş adamları üçün yaradılacaq əlverişli şərait sahibkarlarımıza yerli məhsulları yüksək səviyyədə təqdim etməyə imkan verəcək”, - deyə məlumatda bildirilir.
ITOC, həmçinin "Direct İmported Goods" (DİG) adlı marketlər şəbəkəsinə sahibdir. Növbəti mərhələdə Azərbaycan məhsullarının DİG marketlər şəbəkəsində satılması da nəzərdə tutulur.*
A.Əzizov