Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu gün keçirilən iclasda uçot dərəcəsinin 15% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Bu barədə AMB-nin məlumatında deyilir.
“Qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilir və bu dinamikanın formalaşmasında makroiqtisadi stabilləşmə xüsusi rol oynayır. Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Qiymət stabilliyi üzrə orta və uzun müddətli amillərin təhlili pul siyasətində korreksiyanın zəruri olmadığını göstərir. Bu səbəbdən Mərkəzi Bank uçot dərəcəsinin 15% səviyyəsində saxlanılması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, faiz dəhlizinin aşağı həddi 10%, yuxarı həddi 18% səviyyəsində saxlanılıb.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 fevral 2018-ci il tarixində müzakirə ediləcək.*
A.Əzizov