Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi aydın və dəyişməz olaraq qalır. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Bu gün Moskvaya yola düşürəm. Sabah ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş olacaq", - deyə o, bu gün Bakıda Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar yenilənmiş Madrid prinsipləri əsasında aparılır.
"Azərbaycanın münaqişənin nizamlanması ilə bağlı mövqeyi aydındır və dəyişməz olaraq qalır”, - deyə o əlavə edib.
A.N.Ferreira vurğulayıb ki, Braziliya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir. "Biz Azərbaycanın ərazi bütövlüyünü və Minsk Qrupunun münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh yolu ilə həlli üzrə səylərini dəstəkləyirik”, - deyə o qeyd edib.*
F.İsazadə