2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% - 462 mln. 776,2 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə bu nəqliyyat dəhlizi ilə yük daşımalarından Azərbaycan 152 mln. 17,8 min manat gəlir əldə edib ki, bu da 2016-cı ilin 9 ayının göstəricisindən 11,8% çoxdur», – deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-sentyabr aylarında Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 95 mln. 526,6 min manat (artım 3%) məbləğində olub.
Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 38 mln. 911,8 min ton yük, o cümlədən 7 mln. 386,3 min ton tranzit yük daşınıb.
Bu dövrdə TRACECA ilə 257,961 mln. nəfər sərnişin daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova