Azərbaycanda elektrik paylama şəbəkəsinin genişləndirilməsi üzrə investisiya proqramının I tranşı (Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilir) çərçivəsində $240 mln. dəyərində müqavilələr bağlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakı nümayəndəliyindən məlumat verilib.
"10 noyabr 2017-ci il tarixinə layihə çərçivəsində bağlanan müqavilələrin dəyəri $240 mln. təşkil edir", – deyə məlumatda bildirilir.
Noyabrın 10-na layihə çərçivəsində $123 mln. məbləğində podrat işləri yerinə yetirilib.
Xüsusilə Gəncə şəhərində və Goranboy rayonunun Dəliməmmədli şəhərində yeni yarımstansiyalar tikilib.
“Dəliməmmədli” yarımstansiyası Goranboy rayonunda əhalinin 90%-ni elektrik enerjisi ilə təmin edir. Bu yarımstansiya 40 ildən çox istifadə olunmuş və istismar gücü və səmərəliliyi iki dəfə aşağı olan köhnə yarımstansiyanı əvəz edir. Yüksək istismar gücü və faydalı istismar müddəti sayəsində “Dəliməmmədli” yarımstansiyası yaşayış evləri ilə yanaşı, yaxınlıqdakı əsas kənd təsərrüfatı obyektlərini, süd emalı zavodlarını, pambıq fabrikini, məktəbləri, alış-veriş mərkəzlərini, yanacaqdoldurma məntəqələrini, restoranları və kommunal qurğuları elektrik enerjisi ilə təmin edir.*
B.Rüstəmbəyov