Cənubi Qafqaz regionunda Azərbaycan Qazaxıstan üçün strateji tərəfdaş ölkədir. Bunu Qazaxıstan Respublikası baş nazirinin birinci müavini Askar Mamin deyib.
Prezident İlham Əliyev bu gün A.Mamini qəbul edib.
“Cənubi Qafqaz regionunda Azərbaycan Qazaxıstan üçün strateji tərəfdaş ölkədir”, - deyə dövlət başçısının saytında Qazaxıstan baş nazirinin birinci müavininə istinadən bildirilir.
A.Mamin qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafı istiqamətində böyük potensial var. Qonaq bu potensialın reallaşdırılması üçün birgə səylərin göstərilməsinin önəmini vurğulayıb.
O, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini prezident İ.Əliyevə çatdıraraq deyib ki, bu nəqliyyat dəhlizi Asiya-Avropa istiqamətində transkontinental yükdaşımalarının inkişafı işinə böyük töhfə verir.
“Bu dəmir yolu xəttinin işə salınması ilə Azərbaycan, Qazaxıstan və ümumilikdə, transxəzər marşrutunun tranzit potensialı tam həcmdə həyata keçiriləcək”, - deyə A.Mamin vurğulayıb.
Prezident İ.Əliyev Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O, Qazaxıstan baş nazirinin birinci müavininin ölkəmizə səfərinin məhsuldar olacağına və münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu söyləyib.*
F.İsazadə