Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparıblar. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdeyib.
“Xarici işlər naziri Elmar Məmmədyarov bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada görüşüb. Görüş konstruktiv xarakter daşıyıb və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər müzakirə olunub”, - deyə o bildirib.
XİN rəsmisinin sözlərinə görə, görüş əsnasında təklif olunub ki, dekabrın 7-8-də ATƏT-in xarici işlər nazirlərinin Vyanada keçiriləcək toplantısı çərçivəsində Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə razılığını bildirib.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir”, - deyə o əlavə edib.*
A.Əzizov