Dövlət Gömrük Komitəsi (DGK) büdcəyə vergi və rüsum köçürmələri üzrə 2017-ci ilə olan proqnozu vaxtından əvvəl yerinə yetirib. Bu barədə DGK-nın məlumatında deyilir.
“Bu ilin 16 noyabr tarixinə faktiki olaraq 2 mlrd. 300 mln. manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməklə 2017-ci il üzrə müəyyən olunan 2 mlrd. 250 mln. manat illik büdcə öhdəliyi vaxtından əvvəl 50 mln. manat artıq və ya 102% yerinə yetirilib”, - deyə məlumatda qeyd olunur.
2017-ci ilin əvvəlindən etibarən və həmin ilin 16 noyabr tarixinədək dövlət büdcəsinə vergi və rüsum köçürmələrinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artıb. 2017-ci ilin 16 noyabr tarixinədək olan dövr ərzində idxal əməliyyatlarının həcmi 7 mlrd. 341 mln. ABŞ dolları olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 mln. ABŞ dolları məbləğində azalmasına baxmayaraq, 2017-ci ilin 16 noyabr tarixinə dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 355,5 mln. manat artıq gömrük ödənişləri yığılaraq köçürülməsi təmin olunub.*
N.Abbasova