Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan dekabrda VyanadaATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində görüşəcəklər. Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, həmsədrlər 14-16 noyabr tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüblər.
“Həmsədrlər nazirlərlə oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan tərəfindən əldə olunmuş razılaşmanın icrası üçün konkret addımları və həmin görüşdə həmsədrlər tərəfindən qaldırılmış digər məsələləri müzakirə ediblər. Görüş zamanı tərəflər arasında masada olan bir sıra təkliflərlə bağlı fikir mübadiləsi də aparılıb”, - deyə bəyanatda bildirilir.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2017-ci ilin dekabrında VyanadaATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. Həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaqlar.*
A.Əzizov