Rəsmi Bakı Azərbaycanın Hollandiyadakı səfirliyinə “booking.com”un qanunsuz fəaliyyətini yenidən bərpa etməsi və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişlərini həyata keçirməyə başlaması ilə bağlı məsələni araşdırmağı tapşırıb. Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Hollandiya ərazisində qeydiyyatda olan “booking.com” qanunsuz fəaliyyətini yenidən bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişlərini həyata keçirməyə başlayıb. Məsələ ilə əlaqədar XİN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə müvafiq tədbirlər görülür. Hollandiyadakı səfirliyimizə də təlimat göndərilib”, - deyə o bildirib.
Daha əvvəl XİN vəMədəniyyət və Turizm Nazirliyinin ciddi etirazından sonra internet vasitəsilə mehmanxana sifarişlərini həyata keçirən booking.com Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz mehmanxana sifarişlərini dayandırmışdı. “Booking.com” şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir.
Korporativ biznes etik qaydalarına zidd olaraq bu kimi davranış ilə şirkət özü haqqında qeyri-ciddi təəssürat yaradır və öz nüfuzuna xələl gətirir.*
F.İsazadə