“PAŞA Həyat Sığorta” şirkəti 2017-ci ilin yanvar-oktyabr aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Həyat Sığorta” 123 mln. 370,841 min manat və ya 2017-ci ilin 10 ayı ərzində bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 26,7%-i həcmində sığorta haqqı toplayıb.
Yanvar-oktyabr aylarının yekunları üzrə əldə edilmiş sığorta haqlarının həcminə görə aparıcı şirkətlərin beşliyinə “PAŞA Sığorta” (99 mln. 611,436 min manat), "Azərsığorta" (36 mln. 193,43 min manat), "Atəşgah" (30 mln. 549,657 min manat), "Atəşgah Həyat" (27 mln. 881,117 min manat) olub. Hesabat dövründə sığortaçıların bütün sığorta haqlarının 68,6%-i bu şirkətlərin payına düşüb.
Bazarda fəaliyyət göstərən 22 sığorta şirkəti hesabat dövründə sığorta haqqı əldə edib.
Həmin dövrdə sığorta şirkətləri arasında ən çox ödəniş “Atəşgah Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 41 mln. 19,968 min manat və ya sığortaçıların bütün ödənişlərinin 20%-ni təşkil edib.
Yanvar-oktyabr ayları ərzində həyata keçirilən ödənişlərin həcminə görə aparıcı şirkətlərin beşliyinə “PAŞA Həyat Sığorta” (39 mln. 974,072 min manat), «PAŞA Sığorta” (39 mln. 845,771 min manat), “Qala Həyat Sığorta” (15 mln. 403,71 min manat) və “Atəşgah” (13 mln. 4,208 min manat) da daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 72,9%-i bu şirkətlərin payına düşüb.
Bazarda fəaliyyət göstərən 22 sığorta şirkəti qeyd olunan dövrdə sığorta haqqı əldə edib.*
A.Əzizov