Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır. Bunu prezident İlham Əliyev noyabrın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş zamanı deyib.
“Bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”, - deyə o bildirib.
Prezident qeyd edib ki, Lavrovla görüş, həmçinin Azərbaycan-RF münasibətlərinin möhkəmlənməsi işində mühüm məqam olacaq.
Onun sözlərinə görə, Azərbaycan dövlətlərarası münasibətlərdən çox məmnundur. Bu münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir və çox yaxşı dinamikliyə malikdir.
"Münasibətlər yüksək səviyyədədir. Biz artıq bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk və əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik”, - deyə İ.Əliyev vurğulayıb.*