2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 28 mlrd. 33,9 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 14 mlrd. 184,8 mln. manat (2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 1,5%), qeyri-ərzaq mallarının alınmasına 13 mlrd. 849,1 mln. manat (artım 2,8%) sərf olunub.
Cari ilin yanvar-oktyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 18,2%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
B.Rüstəmbəyov