2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 185,9 mln. ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-oktyabr aylarında qeyri-neft yük daşımalarının həcmi 3,7% - 140,8 mln. tona qədər artıb.
Yük daşımalarının strukturunda 81,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 18,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2017-ci ilin yanvar-oktyabr aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2016-cı ilin analoji dövrü ilə müqayisədə 0,9% artıb.
Hesabat dövrü ərzində dəmir yolu ilə 11,7 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 8,1% azdır.
Cari ilin 10 ayı ərzində dəniz nəqliyyatı ilə 6 mln. 684,3 min ton (artım 46,1%), avtomobil nəqliyyatı ilə 118,9 mln. ton (artım 2,2%), hava nəqliyyatı ilə 136,7 min ton (artım 7,6%) müxtəlif yük daşınıb.
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 35 mln. 584,5 min ton neft (azalma 3,9%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 78,82%-i və ya 28 mln. 49,3 min ton Bakı-Tbilisi-Ceyhan neft kəmərinin payına düşüb. 2017-ci ilin yanvar-oktyabr aylarında BTC neft kəməri ilə 5 mln. 351,7 min ton tranzit nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov