ATƏT-in baş katibi Tomas Qreminger hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə yolu tərəflərin danışıqlar masasına qayıtmasından keçir.
“Həlli uzanmışDağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə yolu tərəflərin dürüst niyyətlə danışıqlar masasına qayıtmasından keçir", - deyə o, “İnterfaks” agentliyinə müsahibəsində bildirib.
Baş katibin sözlərinə görə, ATƏT dialoq üçün platforma təmin edir və tərəfləri uzunmüddətli sülhə nail olmaq üçün dəstəkləyir.
“Bunun üçün isə tərəflərin əsl siyasi iradə göstərməsi lazımdır. Münaqişə tərəflərinin yalnız özləri sülh yolu ilə həllə nail ola bilər. ATƏT tərəfləri münaqişənin həllinə məcbur edə bilməz", - o qeyd edib.
T.Qreminger bu baxımdan oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayıb.
“Bununla əlaqədar oktyabrın 16-da Vyanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında baş tutan və bir ildən çox müddətdə bu səviyyədə ilk birbaşa görüş olan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü, xüsusilə prezidentlərin danışıqlar prosesinin intensivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması ilə bağlı tədbirlərin görülməsi üçün razılığa gəlməsi faktını alqışlayıram”, - deyə baş katib vurğulayıb.
O, atəşkəs rejiminə riayət olunmasının vacibliyini, ATƏT-in üzv ölkələrinin Minsk qrupuna etimad göstərdiyini diqqətə çatdırıb.
“ATƏT-in fəaliyyətdə olan sədri Anjey Kaspşik tərəfindən mütəmadi olaraq keçirilən müşahidə təlimləri hərbi sahədə etimadın möhkəmləndirilməsi üzrə yeganə davamlı tədbirdir”, - deyə T.Qreminger qeyd edib.*
R.Babayev