2017-ci ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 22 mln. ton neft hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.
Şirkət 9 ay ərzində AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% - $1,229 mlrd.-dək azaldıb. «Hesabat dövründə bu məbləğdən $339 mln.-u ABƏŞ-in AÇG layihəsi üzrə əməliyyat xərclərinin, $890 mln.-u əsaslı xərclərin payına düşüb», - deyə məlumatda qeyd olunur.
Bu dövrdə orta sutkalıq neft hasilatı 585 min barel (2016-cı yanvar-sentyabr aylarında 644 min barel – İF-Az) olub.
Hesabat dövründə “Çıraq” platformasından sutkada 52 min barel (2016-cı ilin yanvar-sentyabr aylarında sutkada 53 min barel - İF-Az), “Mərkəzi Azəri” platformasından 133 min barel (sutkada 149 min barel), ”Qərbi Azəri” platformasından 120 min barel (sutkada 116 min barel), “Şərqi Azəri” platformasından 80 min barel (sutkada 74 min barel), “Dərinsulu Günəşli” platformasından 119 min barel (sutkada 127 min barel), “Qərbi Çıraq” platformasından 81 min barel (sutkada 125 min barel) neft hasil olunub.
Xəbər verildiyi kimi, 2016-cı ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 31,1 mln. ton neft hasil olunub.
N.Abbasova