“BP-Azerbaijan” şirkəti 2017-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 7,4 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 7,5% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
“Həmçinin hesabat dövrü ərzində “Şahdəniz” yatağından 1,7 mln. ton kondensat (azalma 10,5%) hasil edilib. Yataqda mövcud hasilat sisteminin maksimal gücü sutkalıq 30 mln. kubmetr qaz və ya illik 10,9 mlrd. kubmetr qaz təşkil edir”, - deyə məlumatda bildirilir.
“Şahdəniz” yatağının işlənməyə başlanıldığı dövrdən etibarən ümumilikdə 86 mlrd. kubmetrdən çox qaz və 31 mln. tondan çox kondensat hasil edilib.
Cari ilin yanvar-sentyabr aylarında “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $2,648 mlrd. (azalma 14,7%) təşkil edib, bunun $0,368 mlrd.-ı istismar xərclərinin, $2,28 mlrd.-ı əsaslı xərclərin payına düşüb. Əsaslı xərclərin böyük həcmi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi çərçivəsində işlərə yönəldilib.
2017-ci ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəməri magistralı (CQBK və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 20,1 mln. kubmetr qaz nəql olunub. Bu dövrdə boru kəməri magistralına xidmət göstərilməsi üzrə istismar xərcləri $21 mln., əsaslı xərclər $636 mln. təşkil edib.*
N.Abbasova