Müdafiə Nazirliyi Silahlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlər üçün sənəd qəbulu elan edir. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
«Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ümumi və ya tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar 11 dekabr 2017-ci il tarixdən 4 yanvar 2018-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müvafiq sənədlərlə birlikdə müraciət edə bilərlər», - deyə məlumatda bildirilir.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul edilirlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran namizədlərlə 3 (üç) il müddətinə könüllü qaydada əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.*
R.Babayev