Bakıda “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq. Bu barədə “AzərTAc” agentliyi məlumat verir.
Bakı Şəhəri Qaradağ Rayonunun Ələt qəsəbəsində 1 min hektar ərazidə, ümumi dəyəri ilkin olaraq 2 mlrd. manat olmaqla “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Chen Zhiyong Saziş imzalayıblar.
Əsas məqsəd ağır, yüngül sənaye, tikinti, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrinin qurulması, logistika mərkəzlərinin və xidmət sahələrinin yaradılmasıdır.
Bundan əlavə, “Made in Azerbaijan” brendi ilə rəqabətqabiliyyətli ixracyönümlü məhsulların potensialının artırılması, eyni zamanda, potensial Çin şirkətlərinin Azərbaycan bazarlarına inteqrasiya olunması və gələcəkdə “Sənaye Şəhərciyində” istehsal olunacaq məhsulların xarici ölkələrin bazarlarına ixrac olunması əsas hədəflər olaraq müəyyən olunub. Layihənin icra müddəti 4 illik dövrü əhatə edir. **
B.Rüstəmbəyov