2017-ci ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” blokundan (AÇG) neft hasilatı 114 istismar quyusundan həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) mətbuat xidmətindən məlumat verilib.
«Hesabat dövründə müqavilə blokunda 15 neft hasilat quyusu və 4 suvurma quyusu qazılıb. İyun ayının sonuna AÇG-də ümumilikdə 114 neft hasilat quyusu və 45 qaz və su-injektor quyusu istismarda olub», - deyə məlumatda bildirilir.
AÇG blokunun işlənməyə başladığı dövrdən indiyədək 3,2 mlrd. bareldən çox neft hasil edilib.
Xəbər verildiyi kimi, cari ilin yanvar-sentyabr aylarında ABƏŞ “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 22 mln. ton neft hasil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. “Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən BP şirkəti (layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” 9,57%, “ExxonMobil” 6,79%, ONGC 2,31%, “Inpex Corp.” 9,31%, ITOCHU Oil 3,65%, “Statoil” 7,27%, TPAO 5,73% paya malikdir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $40 mlrd. həcmində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.*
N.Abbasova