Milli Məclisin vitse-spikeri Bahar Muradova insan hüquqlarının, hakimlərin, vəkillərin və təhlükəsizlik orqanları əməkdaşlarının normal fəaliyyətinin təmin edilməsi məqsədilə islahatların davam etdirilməsini vacib sayır.
«İnsan hüquqlarının real təminatı məqsədilə hüquq-mühafizə, təhlükəsizlik orqanlarının və məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə və islahatların aparılmasına ehtiyac var», - deyə o, bu gün parlamentin plenar iclasında bildirib.
Vitse-spiker hakim və vəkillərin fəaliyyətində problemlərin olduğunu qeyd edərək onların sayının artırılmasının zəruriliyini vurğulayıb.
«Ölkədə hüquq müdafiə sahəsinə təsir göstərən amillər var. Bu amillər, əsasən məhkəmələr və təhlükəsizlik orqanları ilə əlaqədardır. İş yükünün çoxluğundan, işlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir sıra məsələlərin aydınlaşdırılmasının mümkün olmaması məhkəmə baxışı zamanı da bir sıra prosedurların pozulmasına gətirib çıxarır. Bu isə məhkəmə təhqiqatları zamanı bir sıra prosedurların pozulması ilə nəticələnir. Buna görə Azərbaycanda hakim və vəkillərin sayını artırmaq lazımdır», - deyə B.Muradova əlavə edib.
Onun sözlərinə görə, yuxarıda qeyd olunanlarla əlaqədar məhkəmə qərarlarından narazı olan vətəndaşlar müvafiq instansiyalara müraciət edərək Konstitusiya hüquqlarının təmin olunmasını tələb edirlər.
B.Muradova vəkillik sahəsində problemlərin olduğunu diqqətə çatdırıb.*
R.Babayev