Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışında iştirak edib. Bu barədə nazirlkdən məlumat verilib.
“Nazir hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub, əsgər yataqxanasına, yeməkxanaya, tibb məntəqəsinə, sıra meydanına, idman şəhərciyinə, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib”, - məlumatda qeyd edilir.
Həmçinin Z.Həsənov döyüş növbətçiliyində dayanan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, eləcə də taktiki-texniki xassələri ilə maraqlanıb.
“Bölmənin sərəncamında olan müasir silah və döyüş texnikası bütün növ hava hədəflərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müxtəlif maneələr şəraitində məhv edilməsi imkanına malikdir”, - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov