Avropa Yenidənqurma və İnkişaf Bankı 2018-ci ildə Azərbaycan Beynəlxalq Bankın özəlləşdirilməsini Azərbaycan hökuməti üçün prioritetlərdən biri hesab edir.
“İlkin məsələ ABB-nin özəlləşdirilməsidir. ABB-nin elan olunmuş özəlləşdirilmə planı bankın təkrarstrukrurlaşma prosesi başa çatdıqdan sonra reallaşmalıdır. Bu həm IBA əməliyyatlarının davamlılığını təmin etməyə, həm də gələcəkdə əlavə maliyyə xərclərinin yol verilməməsinə yardım edəcək”, - Transition Report 2017-18 hesabatında qeyd edilir.
ABB Azərbaycanın ən iri bankıdır. Bankın xarici öhdəliklərinin təkrarstrukturlaşdırılması prosesindən öncə ölkənin bütün bank sisteminin aktivlərinin 1/3-dək onun payına düşürdü. “2017-ci ilin sentyabr ayında bankın öhdəliklərinin təkrarstrukturlaşdırılması başa çatıb. Hazırda ABB özəlləşdirmədən əvvəl balansını təmizləməyə çalışır”, - hesabatda vurğulanır.
AYB-in qiymətləndirmələrinə görə, Azərbaycan hökuməti işgüzar fəallığın artırılması məqsədilə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi üçün tədbirlərin keçirilməsini davam etdirməlidir. “Bu tədbirlər çərçivəsində inflyasiyanın azalması istiqamətində addımlar atılmalıdır. Bununla yanaşı milli valyutanın məzənnəsinin çevikliyi qorunmalıdır”, - bankın ekspertləri hesab edirlər.
Bundan əlavə, fəal struktur islahatları həyata keçirilməlidir. “Qısamüddətli perspektivdə əsas prioritetlər vergi inzibatçılığında islahatların aparılması, həmçinin iqtisadiyyatda qeyri-rəsmi məşğulluq probleminin həlli üzrə addımların atılmasıdır”, - bank qeyd edir.
AYİB vurğulayır ki, 2016-cı ilin dekabr ayında struktur islahatları çərçivəsində iqtisadiyyatın əsas sektorlarında “islahatların Yol Xəritələri” təsdiq olunub. “Həmin Yol Xəritələrində hər sektor üçün qısamüddətli, ortamüddətli və uzunmüddətli məqsədlər ətraflı izah edilib və 2016-2020-ci illər üçün fəaliyyət planları nəzərdə tutulub”, - bankda hesab edirlər. **
A.Əzizov