“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-yə məxsus “Merkuri-1” gəmi-bərəsi əsaslı təmir olunub. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və elektrik mühərriklər təmir olunub. Boru quraşdırma işləri yerinə yetirilib. Bərənin gövdəsi, göyərtəsi rənglənib. Zəruri yerlərdə dəmir təbəqələr dəyişdirilib. Kayutlar yeni mebellərlə təchiz olunub. Elektirik naqilləri dəyişdirilib”, - deyə məlumatda bildirilir.
Gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq.
Uzunluğu 154.50, eni isə 18.3 metr olan gəminin maksimal sürəti 15 uzeldir. Bərə göyərtəsinə 28 vaqon götürmək qabiliyyətindədir.
Qeyd edək ki, hazırda gəmiçiliyin donanmasında 13 gəmi-bərə var.*
N.Abbasova