2015-2016-cı illərdə gedən neqativ proseslər nəticəsində Azərbaycanda banklar kapitallarının 60%-ni itiriblər. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib.
2014-cü ilin II yarısından etibarən dünyada neftin ucuzlaşması səbəbindən böhran başladı. Nəticədə 2015-ci ildə manat dəyərini 2 dəfə itirdi ki, bu da maliyyə-bank sistemində problemlərin yaranmasına gətirib çıxardı. Bununla da banklar kapitallarının 60%-ni itirdilər", - deyə o, bu gün II Bankçılıq Forumunda bildirib.
Baş icraçı direktorun sözlərinə görə, görülən sərt tədbirlər sayəsində bank sektorunda neqativ tendensiyaları dayandırmaq, o cümlədən bankların kapitallaşmasını artırmaq mümkün oldu. "Kapitalı kifayət həcmdə olmayan 5 bankın lisenziyası geri çağırılıb", - deyə o qeyd edib.
İ.Alışov vurğulayıb ki, 2016-cı ildə 11 bank bazarı tərk edib.
Baş icraçı direktor deyib ki, 2017-ci ilin III rübündə bank sektorunda çalışanların sayının azalması tendensiyası dayanıb. “Bu ilin III rübündə bank sektoru işçilərinin sayı 245 nəfər artıb. Bu, müsbət trenddir”, – deyə o əlavə edib.*
A.Əzizov