Noyabrın 30-da Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni Azərbaycana səfər edəcək. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə bildirib.
“Ə.Qəni 30 noyabr - 1 dekabr tarixlərində Bakıda keçiriləcək “Asiyanın Qəlbi” - İstanbul Prosesi” nazirlər görüşündə iştirak məqsədilə Azərbaycana səfər edəcək”, - agentliyin həmsöhbəti bildirib.
Xəbər verildiyi kimi, “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda konfransda “Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən və bu prosesə dəstək verən ölkələr və beynəlxalq təşkilatlar iştirak edəcək. Nazirlər konfransından əvvəl noyabrın 30-da yüksək səviyyəli rəsmilərin iclası keçiriləcək.
Mərkəzi Asiya və konkret Əfqanıstanın problemləri üzrə konfransların keçirilməsi Əfqanıstan və Türkiyənin birgə təşəbbüsü olub. İstanbul Prosesinə 2011-ci ilin noyabr ayında start verilib. Bu, regional problemlərin müzakirə platformasıdır. Xüsusilə, təhlükəsizliyn təminatı, Əfqanıstan, onun qonşuları və regional tərəfdaşları arasında antiterror antinarkotik fəaliyyət, “Etimadın möhkəmləndirilməsi tədbirləri”nin həyata keçirilməsi sayəsində yoxsulluq və ekstremizmlə mübarizə daxil olmaqla, siyasi və iqtisadi kooperasiya məsələləri daxildir.
Proses 14 üzv-ölkə, o cümlədən, onun gündəliyini dəstəkləyən 16 dövlət və 12 regional və beynəlxalq təşkilatı əhatə edir.
2017-ci ildə “Asiyanın Qəlbi” - İstanbul Prosesinin 2017-ci il üzrə Əfqanıstanla birlikdə həmsədri qismində Azərbaycan çıxış edir. **
F.İsazadə